CƏFƏRİ MƏZHƏBİ
şiəliyin ən geniş yayılmış fiqhi məzhəbdir. Bu məzhəbin adı Cəfər Sadiqlə bağlıdır. O, müxtəlif problemlərin həlli yollarını Quran və hədislərdən axtarıb tapmışdır. O, bəzən rəy metodunu da istifadə edirdi. Ancaq bunu edərkən o, qiyas və istihsan metodlarından istifadə etməmiş, əqli dəlillərə üstünlük vermişdir. Əqli dəlillərə üstünlük verən Cəfər Sadiqə görə hər bir insan bir şeyin yaxşı və pis olduğunu anlayırsa, deməli reallıqda da bu belədir. Cəfəri məzhəbinin davamçıları müctəhidlərin hökmlərini təqlid etməlidirlər. Müctəhidlər şiə məzhəbində böyük rol oynayırlar. Şiəlikdə imamların günahsız olması inancının olduğuna görə onların hər bir buyruğu Allahdan gəlmiş əmr kimi dəyərləndirilir. Buna görə də şiə inancında Quranı yalnız imamlar doğru təfsir edə bilərlər. Yəni, yalnız onlar müqəddəs kitabı doğru anlamağa qadir olmuşdurlar.
Bundan başqa şiələr Quran ayələri və hədislərin gizli və açıq mənalarının olduğuna da inanırlar.
Cəfərilərin ən tanınmış Quran təfsirləri bunlardır: 1. Hicri təqvimi ilə III-IV əsrlərdə yaşamış Əli İbrahim Qumminin “Təfsirül- Qummi” kitabı; 2. Əbu Cəfər Məhəmməd ibn Həsən Tusinin (460/1068-ci ildə vəfat etmişdir) “Tibyan” (Anlatma) kitabı; 3. Əbu Əli Təbərsinin (548/1153-cü ildə vəfat etmişdir). “Məcmuil-Bəyan fit-Təfsirül- Quran” (Quran yozumu üçün yığılmış anlatmalar) kitabı.
Cəfərilərdə hədislərin seçilmə üsulu və onların təsnifi bir çox məqamlarda digər məzhəblərin üsulları kimidir. Ancaq, onların arasında fərqlər də vardır. Məsələn, cəfərilər yalnız Məhəmməd peyğəmbər və Əli ibn Əbu Talibin soyundan olan günahsız əhlibeytin həyatını təsvir edən rəvayətləri hədis hesab edirlər. Onlar digər məzhəblərdə olduğu kimi peyğəmbərin səhabələrinin, onların davamçılarının, onlara yaxın olan insanların rəvayət etdikləri hadisləri şəriət problemlərində dəlil (hüccət) kimi istifadə etmirlər.
Cəfərilərə görə Məhəmməd peyğəmbərin sağlığında müsəlmanlar arasında onun həyat yolu haqqında səhih rəvayətlər yayılmışdır.
Onları peyğəmbərə yaxın olan səhabələri rəvayət etmiş və yazmışdırlar. Ancaq peyğəmbərin vəfatından sonra bir neçə onilliklər boyu hədislərin yazılması qadağan edilmişdir. Cəfərilər hesab edirlər ki, bunu edən müsəlman hökmdarları yanlışlığa yol vermişdirlər. Çünki, onların fikirlərinə görə Məhəmməd peyğəmbər bütün Quranı təfsir etmişdir. Rəvayətlərdə əks olunan bu təfsirləri bilmədən Quranı əsl mənada anlamaq mümkün deyildir. Elə buna görə də, İslamda çoxlu təriqətlər yaranmışdır. Bundan başqa hədislərin yazılmasının qadağan edilməsi Məhəmməd peyğəmbərin buyruqlarına ziddir.
Hədislərin yazılması qadağan edildikdən sonra Əli ibn Əbu Talib peyğəmbərin hədislərinin bilicisi və qoruyucusuna çevrilmişdir.
Bu vəzifəni ona peyğəmbərin özü həvalə etmişdir.
Çünki o, rəvayətlərin gələcəkdə qadağan ediləcəyini bilirdi.
Əli ibn Əbu Talib bu hədisləri öz soyundan olan imamlara, onlar isə xalqa ötürmüşlər.
Əli isə bütün səhih rəvayətləri bir kitabda toplamışdır. Cəfəri inancına görə ilk xəlifələr hədislərin yazılmasını qadağan etsələr də, peyğəmbərin əhli-beytinin davamçıları İslam tarixinin ən erkən dövrlərindən bəri onları qorumağa çalışmışlar. İlk hədis kitabını Əli ibn Əbu Talib yazmış, Məhəmməd peyğəmbər də onu bəyənmişdir.
Ümumiyyətlə, cəfəri ənənəsində ən etibarlı mənbə hesab edilən ilkin kitabları bunlardır: dünyanın bütün qanunauyğunluqlarını açan “Cəfr və Camiyyə”, şəriət problemlərini əhatə edən “Fəraiz” (dinin əsasları), fiqhi məsələləri izah edən “Əbvabül-Fiqh”, eləcə də Məhəmməd peyğəmbərin qızı Fatimənin hifz etdiyi “Müzhaf”.
Cəfərilərə görə yuxarıda adları çəkilən kitablar yazıldıqdan sonra Məhəmməd peyğəmbərin başqa səhabələri də hədisləri toplamağa başlamışlar. Bunlar da Əbu Rəfa (Məhəmməd peyğəmbərin azad etdiyi qulu olmuşdur), Səlman Farisi və Əbu Zər Ğəffari olmuşdurlar. Hədislərin yazılması işini Əsvaq ibn Nəbati, Əbu Rəfanın oğulları Heybulla və Əli, Həras ibn Abdullah Əvari Həmdani, Rabiyə ibn Səmi, Süleyman ibn Qeysi kimi səhabələr davam etdirmişlər.
Bu silsilədə daha sonra “Səhifeyi-Səccadiyyə” və “Risaleyi-Hüquq” kitablarının müəllifi imam Zeynül-Abidin, onun tələbələri Zuhri, Nafi Vakidi, Məhəmməd İbn İshaq, eləcə də davamçıları Cabir ibn Abdullah Ənsari, Əbu Tüfeyl Əmir ibn Vail, Səid ibn Müseyyib, daha sonra ikinci nəsildən olan Səid ibn Cübeyr, Əbu Həmzə, Tavus, Zeyd olmuşlar. Üçüncü nəslin nümayəndələri isə imam Bagir və onun tələbələri Yəhyə ibn Qasım, Zürərə, Məhəmməd ibn Müslim, Mütəlləb ibn Zühri və Müaviyə ibn Əmmar olmuşdurlar.
Cəfərilər hər hansı bir peyğəmbər hədisini qəbul etmək üçün müəyyən şərtlər irəli sürürlər. Onlardan bəziləri aşağıdakılardır: 1. Hədislər Quran ayələrinə və məntiqə zidd olmamalı; 2. Bütün hədislərin ravilər silsilələri Məhəmməd peyğəmbər və şiə ənənəsində günahsız hesab edilən Əli ibn Əbu Talibin soyundan gələn imamlara (əhli-beytə) gedib çıxmalı; 3. Məhəmməd peyğəmbərin səhabələrinin söylədikləri hədislər, onun əhli-beytindən olan günahsız imamların rəvayətlərinə zidd olmamalıdırlar. Belə olarsa onlar dəlil kimi qəbul edilmirlər; 4. Fiqhi problemlərin çözülməsində səhabələrin deyil, əhli-beytinin təfsiri dəlil kimi əsas götürülməli; 5. Din və onun əsasları ilə bağlı məsələlər yalnız mütəvatir xəbərlərin əsasında qurulur; 6. Səhih olan əhəd xəbərlər yalnız fiqhi məsələlərdə dəlil kimi tanına bilər; 7. Hədisin ravisi yalnız şiə ənənəsində tanınan səhabə olmalıdır.
Cəfərilər səhabələrin bir çoxundan rəvayət edilən hədisləri qəbul etmirlər. Çünki, onlar digər insanlar kimi günahkar olmuşlar.
Yalnız əhli-beytə yaxın olan Əbu Zər Ğəffari, Səlman Farisi, Əmmar ibn Yasir kimi bəzi səhabələrin hədisləri qəbul edilir. Buna görə də başqa məzhəblərdə səhih kimi qəbul edilən bir çox hədislər cəfərilər tərəfindən şübhə ilə qarşılanır.
Cəfərilər bütün hədisləri aşağıdakı kateqoriyalara bölürlər: a) Səhih hədislər - bu kimi hədisləri nəql edən səhabənin silsiləsi əhli-beytə gedib çıxmalı və onların bütün raviləri isna-əşəri şiələri olmalıdırlar; b) Həsən hədislər - bu kimi hədis ravilərinin silsiləsi də günahsız şiə imamlarına gedib çıxmalı, onların bütün ötürücüləri də etibarlı isna-əşəri şiələr olmalıdırlar. Ancaq, bəzi məqamlarda bu kimi rəvayətlər səhih hədislərdən fərqlənir. Məsələn, həsən hədislərin ravilərinin nə dərəcədə inanclı olduqları haqqında məlumat olmaya bilər; c) Müvəssəq hədislər - bunlar etibarlı ravilərin söylədikləri hədislərdir. Onlar da imamlara gedib çıxır. Ancaq, onların raviləri arasında şiə olmayanlar da vardır; ç) Zəif hədislər - bunlar səhih, həsən və müvəssəq hədislərin qarşısında qoyulmuş tələblərə cavab verməyən rəvayətlərdir.
Şiəlikdə ən tanınan hədis məcmuələri aşağıdakılardır: 1. Əbu Cəfər Məhəmməd Küleyninin (329/941-ci ildə vəfat etmişdir) “Kitabül- Kafi” kitabıdır ki, orada on altı min hədis vardır; 2. Məhəmməd ibn Əli Babaveyh Quminin (Şeyx Səduqun) “Mən lə Yəhzuruhul- faqih” kitabıdır ki, hüquq məsələləri üzrə dərslik olan bu kitabda 6000-ə yaxın hədis toplanmışdır; 3. Məhəmməd ibn Həsən Tusinin “Təhzib əl-Əhkam” kitabıdır. Hansı ki burada 14000- ə yaxın hədis toplanmışdır; 4. Şəriətin müxtəlif məsələləri üzrə 6000- ə yaxın hədisi toplamış Məhəmməd ibn Həsən Tusinin “İstibsar”; 5. Məhəmməd Bagir Məclisinin (505/1111-ci ildə vəfat etmişdir) “BiharülƏnvar”; 6. Məhəmməd ibn Mürtəzanın (484/1091-ci ildə vəfat etmişdir) “Əl-Kafi”; 7. Məhəmməd ibn Həsən Şeyx Hürr Amilinin (500/1104-cü ildə vəfat etmişdir) “Vasailüş-Şiə” kitablarıdır.